ABŞ-ın 250 illik müstəqillik yubileyi ilə bağlı ABŞ Dövlət Departamenti vətəndaşlar üçün qeyri-adi yenilik hazırlayıb — Vaşinqtonda Donald Trampın portreti olan məhdud sayda pasportlar veriləcək. Bu barədə DW məlumat yayıb.
Məlumata görə, sənədlərin daxili səhifəsində prezidentin qızılı imzası yer alacaq və bu pasportlar yalnız iyul ayından etibarən paytaxtdakı pasport agentliyində standart olaraq təqdim olunacaq. Digər bölmələrdə və ya onlayn müraciətlərdə isə əvvəlki dizayn saxlanılacaq.
Pasportun arxa hissəsində isə Con Trambullun “Müstəqillik Bəyannaməsi” əsərindən fraqment təsvir ediləcək.
Bildirilib ki, dəyişikliklər təkcə pasportlarla məhdudlaşmır. 165 ildən sonra ilk dəfə olaraq 100 dollarlıq əskinaslarda xəzinədarın imzası prezidentin imzası ilə əvəzlənəcək.
Bundan əlavə, yubiley münasibətilə 24 karatlıq qızıldan hazırlanmış xatirə sikkə buraxılacaq, burada Tramp tanınmış jesti ilə “Azadlıq” yazısı fonunda təsvir olunacaq.
Həmçinin, bəzi qurumların adlandırılmasında da dəyişikliklər edilib — ABŞ Sülh İnstitutu yeni ad alıb, Kennedi İncəsənət Mərkəzi isə rəsmi olaraq hər iki liderə həsr olunub.

