Şahzadə Uilyam və Keyt Middltonun böyük oğlu Şahzadə Corc sentyabrın 9-da Böyük Britaniyanın ən nüfuzlu məktəblərindən biri olan Eton Kollecində təhsil almağa başlayacaq. Kensington Sarayı onun bu ilin sentyabrından Etonda oxuyacağını daha əvvəl təsdiqləyib.
Lakin gənc şahzadəni məktəbdə kifayət qədər sərt texnologiya qaydaları gözləyir. Etonun qaydalarına əsasən, yeni şagirdlərin internetə çıxışı olan smartfonlardan istifadəsinə icazə verilmir. Corc kral ailəsinin üzvü olsa da, digər şagirdlərlə eyni qaydalara tabe olacaq.
Şagirdlərə yalnız zəng və SMS funksiyası olan sadə telefonlardan istifadə etməyə icazə verilir. Məqsəd sosial şəbəkələr, onlayn oyunlar və digər rəqəmsal yayındırıcıların təsirini azaltmaqdır.

Bununla belə, Etonda rəqəmsal imkanlardan tam imtina edilmir. Corcun məktəbin simsiz internet şəbəkəsinə qoşula bilən planşetdən istifadə edə biləcəyi, internetə çıxışın isə məktəb tərəfindən nəzarətdə saxlanılacağı bildirilir.
Smartfon qadağasının Corc üçün ciddi dəyişiklik yaratmayacağı gözlənilir. Şahzadə Uilyam daha əvvəl Corc, Şarlotta və Luisin şəxsi mobil telefonlarının olmadığını söyləmişdi.
Eton Kolleci kral ailəsi üçün xüsusi əhəmiyyət daşıyır. Şahzadə Uilyam və qardaşı Şahzadə Harri də bu məktəbdə təhsil alıblar. Corc da atasının və əmisinin yolu ilə gedəcək.

Ailəsinin evi məktəbdən təxminən 15 dəqiqəlik məsafədə yerləşsə də, Corcun digər şagirdlər kimi Etonda internat rejimində təhsil alacağı gözlənilir.
Denmedia.az

