Ağ Evin yeni mətbuat katibi Keti Zakariya jurnalistlər qarşısında ilk çıxışının uğursuz alınmasını hazırlıq üçün kifayət qədər vaxtının olmaması ilə izah edib.
Zakariya bu barədə Fox News telekanalına müsahibəsində danışaraq ilk mətbuat konfransından sonra ABŞ mediasında səsləndirilən tənqidlərə münasibət bildirib.
“Məndən bazar ertəsi işə başlamağımı istədilər. Həmin gün federal bayram – Kolumb Günü idi. Çərşənbə axşamı saat 09:30-da isə brifinqim var idi. Düşünürəm ki, hazırlıq üçün çox az vaxtım olmasına baxmayaraq, özümü toplayıb mətbuat konfransını keçirdim. Brifinq üçün materialları yalnız çərşənbə axşamı səhər əldə etdim”, – deyə o bildirib.
Daha əvvəl yayılan məlumatlara görə, Zakariyanın Ağ Evdə ilk dəfə jurnalistlər qarşısına çıxması administrasiya əməkdaşları arasında ciddi narahatlıq yaradıb.
Administrasiyadakı mənbələrdən biri yeni mətbuat katibinin jurnalistlərin suallarına verdiyi cavabların keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmalı olduğunu vurğulayıb.
Mənbənin sözlərinə görə, əks halda Zakariya vəzifəyə təyin edildikdən cəmi 10 gün sonra işdən uzaqlaşdırılan Entoni Skaramuççinin aqibətini yaşaya bilər.
Bundan başqa, ABŞ jurnalistləri Zakariyanın vəkil kimi fəaliyyət göstərmək üçün tələb olunan ixtisas imtahanından keçə bilmədiyini açıqlayıblar.
Məlumata görə, o, Kaliforniyadakı Pepperdine Universitetinin hüquq fakültəsini bitirdikdən sonra vəkillik fəaliyyəti üçün lisenziya almağa çalışsa da, imtahandan uğurla keçə bilməyib.

