İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma ehtimalını şərh edərək ölkəsinin Ankaranın Suriyadakı hərbi mövcudluğunu genişləndirməsinin qarşısını almaq üçün artıq müəyyən addımlar atdığını bildirib.
Bu barədə İsrailin C14 News telekanalı məlumat yayıb.
Netanyahunun sözlərinə görə, Türkiyə Suriyanın şimalındakı hərbi mövqelərini ölkə ərazisində yerləşən aviabazalardan birinə qədər genişləndirməyi planlaşdırıb. Lakin İsrail bu planın həyata keçirilməsinə mane olub.
“Türkiyə öz hərbi mövcudluğunu Suriyanın şimalından aviabazaya qədər genişləndirmək istəyirdi. Biz bunun qarşısını aldıq, hərəkətə keçdik”, – deyə Netanyahu bildirib.
İsrailin Baş naziri Türkiyə ilə birbaşa hərbi toqquşmanın baş verməyəcəyinə ümid etdiyini vurğulayıb.
“Ümid edirəm ki, birbaşa qarşıdurmaya gəlib çıxmayacağıq. Ən azı bunun üçün çalışıram”, – deyə o qeyd edib.
Netanyahu Türkiyə rəhbərliyi məsələsində ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının olduğunu da etiraf edib.
“Trampla razılaşmadığımız məsələlərdən biri Türkiyədir”, – deyə Baş nazir bildirib.
Qeyd edək ki, Netanyahu daha əvvəl İsrailin yeni təhlükəsizlik doktrinasını təqdim edib. Sənəd təhlükələrin qarşısını yalnız çəkindirmə siyasəti ilə almaq əvəzinə, onların yaranmasını qabaqlayan fəal tədbirlərin, o cümlədən preventiv əməliyyatların həyata keçirilməsini nəzərdə tutur.
Yeni doktrinada Türkiyənin adı birbaşa çəkilməsə də, İsrailin Suriyadakı fəaliyyətinin sənəddə göstərilən təhlükələrin qabaqlanması prinsipinə uyğun olduğu bildirilir.

