Amerikalı milyarder İlon Maskın keçmiş sevgilisi, 28 yaşlı Eşli Sent-Kler iş adamını maliyyə təzyiqində və övladlarının qəyyumluğu ilə bağlı müqavilələr vasitəsilə manipulyasiya etməkdə ittiham edib.
Bu barədə qadın rejissor Aleks Gibninin çəkdiyi “Mask” (“Musk”) sənədli filmində danışıb.
Sent-Klerin sözlərinə görə, 2024-cü ilin sonlarında onların Romulus adlı oğlu dünyaya gəldikdən sonra Maskın köməkçiləri ona aliment müqaviləsi adı altında məxfilik sazişi imzalatmağa çalışıblar.
Qadın iddia edib ki, susması müqabilində ona birdəfəlik 15 milyon dollar və 20 il ərzində hər ay 100 min dollar ödənilməsi təklif olunub.
Lakin Sent-Kler bu təklifi qəbul etməyib.
Onun iddiasına görə, münasibətlərini ictimailəşdirdikdən sonra Mask aylıq ödənişi əvvəlcə 40 min, daha sonra isə 20 min dollara endirib.
Qadın hesab edir ki, milyarder bu addımla onu ictimai açıqlamalarına görə cəzalandırmağa çalışıb.
Tərəflər arasında övladlarının qəyyumluğu ilə bağlı uzunmüddətli məhkəmə mübahisəsi başlayıb. Sent-Kler uşağın tam qəyyumluğunu əldə etməyə çalışır.
Sənədli filmdə səsləndirilən digər iddialar isə Maskın başqa qadınlarla münasibətlərinə aiddir.

Sent-Klerin sözlərinə görə, milyarder dünyanın müxtəlif ölkələrində yaşayan qadınlara şəxsi mesajlar göndərərək onlara uşaq sahibi olmaqla bağlı oxşar təkliflər edir.
O, həmçinin Yaponiyada yaşayan bir qadının Maskdan sperma donorluğu istədiyini və iş adamının buna razılıq verdiyini iddia edib.
Qeyd edək ki, sözügedən maliyyə təklifləri və digər ittihamlar Sent-Klerin açıqlamalarına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.
İlon Mask isə sənədli filmi qərəzli hesab etdiyini bildirib.

