ABŞ-ın Şimali Kaliforniya üzrə Federal Dairə Məhkəməsinin andlılar kollegiyası milyarder İlon Maskın OpenAI rəhbərliyinə, o cümlədən şirkətin baş direktoru Sem Altmana qarşı iddiasını təmin etməyib.
Bu barədə BBC News məlumat yayıb.
Qərar yekdilliklə qəbul olunub. Andlılar belə qənaətə gəliblər ki, Mask bu kateqoriyadan olan işlər üzrə iddia müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət edib.
Üç həftə davam edən proses zamanı andlılar OpenAI-nin daxili yazışmalarını araşdırıb və tərəflərin ifadələrini dinləyiblər. Qərar isə cəmi iki saatlıq müzakirədən sonra elan olunub.
Yekun qərarı hakim İvonn Qonsales Rocers verməlidir. Bununla belə, hakim artıq mövqeyinin andlıların rəyi ilə üst-üstə düşdüyünü göstərib.
Maskın iddiasında bildirilirdi ki, o, OpenAI-nin qeyri-kommersiya tədqiqat layihəsinə təxminən 38 milyon dollar sərmayə qoyub. Lakin onun fikrincə, şirkətin baş direktoru Sem Altman və OpenAI prezidenti Qreq Brokman ilkin razılaşmalardan uzaqlaşaraq süni intellekt sahəsindəki işləmələrdən kommersiya gəliri əldə etməyə yönəliblər.
Milyarder Altman və Brokmanın şirkətin idarəçiliyindən uzaqlaşdırılmasını, OpenAI-nin kommersiya bölməsinin fəaliyyətinin dayandırılmasını və 150 milyard dollara çata biləcək zərərin kompensasiya edilməsini tələb edirdi.
Mask həmin vəsaiti OpenAI-nin qeyri-kommersiya bölməsinə yönəldəcəyini bildirmişdi.

