ABŞ-də hərbi məqsədlər üçün genetik cəhətdən dəyişdirilmiş itlərin yetişdirilməsi planlaşdırılır.
Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin müdafiə sənayesi şirkəti “Anduril Industries”in təsisçisi Palmer Laki proqram təminatı sahəsində fəaliyyət göstərən sahibkar Ben Lammla birlikdə yeni layihə üzərində işləyir.
Layihə çərçivəsində xidməti itlərin klonlaşdırılması, genlərinin dəyişdirilməsi və xüsusi texnologiyalarla təchiz edilməsi nəzərdə tutulur. Məqsəd heyvanların hərbi tapşırıqları yerinə yetirmək imkanlarını artırmaqdır.
Məlumata görə, layihəyə yatırılacaq sərmayənin həcmi 1,2 milyard dollara çata bilər. Maliyyələşməyə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əlaqəli şirkətlərin də cəlb olunması ehtimal edilir.
Ben Lamm bildirib ki, əsas ideyalardan biri ən yaxşı xidməti itlərin genetik materiallarının toplandığı xüsusi biobank yaratmaq və sonradan həmin heyvanları klonlaşdırmaqdır.
Sahibkar həmçinin itlərin ömrünü uzatmaq və xidməti qabiliyyətlərini yaxşılaşdırmaq üçün onların genlərinin dəyişdirilməsi imkanlarını nəzərdən keçirdiklərini açıqlayıb.

