Sumqayıt şəhərinin Yaşma bağları ərazisində güçlü yağıntı nəticəsində sahibsiz itlərin saxlanıldığı sığınacaq sel suları altında qalıb.
Denmedia.az xəbər verir ki, hadisə zamanı köməksiz vəziyyətdə qalan heyvanların xilas edilməsi üçün ərazi sakinləri səfərbər olub. Onlar itləri sudan çıxararaq xüsusi avtomobilə yığıb və daha təhlükəsiz əraziyə köçürüblər. Bu barədə məlumatı hadisə şahidi olan yerli sakinlər veriblər.
Heyvansevər Aylin Səlimova bildirib ki, sel suları qəfil şəkildə sığınacağı basıb: “Bir anın içində hər yer su altında qaldı. İtlər çarəsiz vəziyyətdə idi. Biz onları böyük çətinliklə oradan çıxara bildik”.-deyə o bildirib.
Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsi tərəfindən “Denmedia.az”-a verilən məlumata görə, hazırda ərazidə yığılan suların mərhələli şəkildə kənarlaşdırılması prosesi davam etdirilir. Bildirilib ki, su tam çəkildikdən sonra sahibsiz itlərin yenidən əvvəlki sığınacaqlarına qaytarılması mümkün olacaq. Hazırda heyvanların təhlükəsizliyi təmin edilib və vəziyyət nəzarət altındadır.

