ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Çin və digər rəqib ölkələrə qarşı iqtisadi sahədə fəaliyyət göstərəcək yeni kəşfiyyat proqramı hazırladığı iddia edilir.
Bu barədə “The Washington Post” qəzeti məsələdən məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, proqram çərçivəsində fəaliyyət göstərəcək şəxslər özlərini ABŞ hökuməti ilə əlaqəsi olmayan iş adamları və ya özəl sektor əməkdaşları kimi təqdim edə bilərlər.
Yeni strukturun əsas məqsədinin Çin və ABŞ-nin digər rəqiblərinə qarşı “iqtisadi müharibə aparmaq” olduğu iddia edilir.
Mənbələrin sözlərinə görə, proqramda Pentaqon mütəxəssisləri ilə yanaşı, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşlarının da iştirakı nəzərdə tutulur.
Layihəyə müdafiə nazirinin müavini Stiv Faynberqin müşaviri Tom Rakusanın nəzarət edəcəyi bildirilir.
Hazırda proqram planlaşdırma mərhələsindədir və fəaliyyətə başlamayıb. Onun hansı hüquqi çərçivədə həyata keçiriləcəyi, müstəqil struktur kimi fəaliyyət göstərəcəyi, yoxsa mövcud kəşfiyyat sisteminə daxil ediləcəyi hələlik məlum deyil.
Mənbələrdən biri CIA daxilində bu təşəbbüsə münasibətin müsbət olmadığını da iddia edib.
Pentaqon isə “The Washington Post” qəzetinin yaydığı iddiaları rədd edib.
“Bu iddiaları sizə çatdıran şəxs ya yanlış məlumatlandırılıb, ya da öz fantaziyalarına görə sizi qəsdən aldadır”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

