Macarıstanın sabiq Baş naziri Viktor Orbanın ailəsi xaricə köçür və ölkədəki əmlakını satışa çıxarır.
Bu barədə RMF24 radiostansiyası araşdırmaya istinadən məlumat yayıb.
Bildirilir ki, Orbanın qızı Rahel Orban həyat yoldaşı İştvan Tibors və uşaqları ilə birlikdə ABŞ-də qısa müddət yaşadıqdan sonra Böyük Britaniyaya köçüb.
Ailə Londonun Kovent-Qarden rayonunda məskunlaşıb. Uşaqların artıq Britaniyada özəl məktəblərə qəbul olunduğu bildirilir.

Mənbələr ailənin qərarını ABŞ-də siyasi vəziyyətin dəyişməsi və Orbanın əsas müttəfiqlərindən sayılan Prezident Donald Trampın mövqelərinin zəifləməsi ilə əlaqələndirirlər.
İddialara görə, ailə ABŞ-də qalmağı əvvəlki qədər təhlükəsiz hesab etmir. London isə onların işlərini idarə etməsinə daha əlverişli imkan yaradır.
Eyni zamanda Orbanın ailəsinə məxsus əmlakın Macarıstanda genişmiqyaslı satışına başlanıldığı bildirilir.
Ailəyə yaxın mənbə onların “ölkədə mümkün qədər az əmlak saxlamağa çalışdıqlarını” iddia edib.

