İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi İsrailə qarşı sərt xəbərdarlıq edib.
Əzizi İsrailin Baş naziri Benyamin Netanyahunun İranda hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamasına “X” sosial şəbəkəsində cavab verib.

“İranın milli təhlükəsizliyinə və maraqlarına qarşı hər hansı addım atılarsa, İsrail yaşamaq üçün yararsız hala düşəcək. Bunun üçün bizə bir saatdan da az vaxt lazımdır”, – deyə o bildirib.
İranlı deputat paylaşımında İsrailin Dimona nüvə obyekti, körpüləri, enerji və su təmizləmə qurğularının işarələndiyi xəritə də yayımlayıb. Bununla mümkün qarşıdurmada həmin obyektlərin hədəfə alına biləcəyinə işarə edib.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Floridada jurnalistlərə açıqlamasında İranı hərbi və iqtisadi baxımdan demək olar ki, məhv etdiklərini iddia edib.
“Bu işi sona qədər aparmalı ola bilərəm, yaxud onlar razılaşmaya gələ bilərlər. Əmin deyiləm. İstənilən halda biz qalib gələcəyik. Amma İranı yenidən bombalaya bilərəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Tehranın Vaşinqtonla razılaşmaq istədiyini, lakin mümkün razılaşmaya əməl edib-etməyəcəyinə əmin olmadığını söyləyib.
Tramp həmçinin iddia edib ki, İranı rahat buraxsaydılar, ölkə nüvə silahı hazırlamağın bir yolunu tapacaqdı.

