İran prezidenti Məsud Pezeşkian 12 günlük İran-İsrail gərginliyindən danışıb.
Den.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalına danışan Pezeşkian ölkəsinin İsrailin mümkün hərbi hücumlarına qarşı tam hazırlıqlı olduğunu bildirib.
“Biz İsrailin hər hansı hərbi hərəkətinə cavab verməyə tam hazırıq. Silahlı qüvvələrimiz İsrailə yenidən dərin zərbələr endirmək gücündədir”, – deyə İran lideri vurğulayıb.
Pezeşkian 12 günlük müharibəni başa vuran atəşkəslə bağlı nikbin olmadığını da açıq şəkildə bildirib. Onun sözlərinə görə, Tehran mümkün hərbi ssenarilərin hamısına hazırdır:
“İsrail bizə zərbələr endirdi, biz də onların ürəyinə cavab verdik. Amma onlar dəymiş ziyanı və itkiləri gizlədirlər”.
Pezeşkian iddia edib ki, İsrail hücumları ilə İran rəhbərliyini, o cümlədən yüksək rütbəli komandirləri və nüvə alimlərini hədəfə alıb, lakin bu tamamilə uğursuz olub.
İran prezidenti beynəlxalq təzyiqlərə baxmayaraq, ölkəsinin uranın zənginləşdirilməsi proqramını davam etdirəcəyini bəyan edib. O, nüvə inkişafının “tamamilə dinc məqsədlərlə və beynəlxalq hüquq çərçivəsində” həyata keçirildiyini bildirib.Globalinfo.az