Azərbaycanda müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müddətli əmək müqaviləsi üzrə vakant yerlərin seçimi mərhələsinin nəticələri açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, 1 467 namizəd vakant yer seçimi mərhələsində uğur qazanıb.
Mərhələ 28–31 avqust tarixlərində keçirilib. Uğur qazanan şəxslər müəllim kimi müddətli əmək müqaviləsi əsasında işləmək imkanı əldə ediblər.
Namizədlər tələb olunan sənədləri 10 sentyabr saat 18:00-dək müvafiq təhsil idarəsinə təqdim etməlidirlər.
MÜTDA bildirib ki, yalnız çıxarışı müvafiq qurum tərəfindən təsdiqlənən namizədlər işə qəbul olunacaqlar.
Agentlik namizədlərə şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq statusunu yoxlamağı tövsiyə edib.
Denmedia.az

