Rusiya parlamentinin aşağı palatası bu həftə miqrantlar üçün əlavə dövlət rüsumlarının tətbiqini təklif edən qanun layihələrini nəzərdən keçirməyə başlayacaq.
Den.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Qanun layihələri qəbul edilərsə, Rusiya əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi, habelə iş icazəsinin müddətinin uzadılması üçün 4,2 min rubl məbləğində əlavə rüsumlar tətbiq edəcək. Bundan əlavə, patent və ya iş icazəsinin dublikatının verilməsi və müvafiq sənədlərə dəyişiklik edilməsi üçün 2,1 min rubl rüsum müəyyən olunacaq. Həmçinin miqrantlar üçün bir sıra digər dövlət rüsumlarının müəyyən edilməsi və ya artırılması təklif edilir”, – deputat qeyd edib.
O bildirib ki, xüsusilə söhbət yaşayış yeri üzrə qeydiyyat və ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyat üçün rüsumlardan gedir:
“Bu, təkcə büdcəyə vəsait axınını artırmayacaq, həm də miqrantlara nəzarəti gücləndirəcək və onların faktiki yaşayış yerlərini müəyyənləşdirəcək. Bu da öz növbəsində qeyri-qanuni miqrasiyanın səviyyəsini azaltmağa kömək edəcək”. Globalinfo.az