İsrailin baş naziri Benyamin Netanyahunun xəbərdarlığı ABŞ Prezidenti Donald Trampın bu həftə İrana qarşı hərbi zərbələrdən imtina etməsi qərarına təsir göstərə bilər. Bu barədə Axios portalı məlumat yayıb.
Portalın məlumatına görə, Netanyahu Trampa bildirib ki, İsrail Tehranın mümkün cavab addımları qarşısında özünü müdafiə etməyə hazır deyil. Xüsusilə də regionda ABŞ-ın İran raketlərini və pilotsuz uçuş aparatlarını ələ keçirmək üçün kifayət qədər hərbi qüvvəsinin olmaması bu riski artırır.
“O, Trampa deyib ki, İsrail İranın ehtimal olunan cavab zərbəsindən özünü qoruya bilmir, üstəlik ABŞ-ın regionda İsrailə İran raketləri və dronlarını zərərsizləşdirmək üçün yetərli qüvvəsi yoxdur,” — deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Netanyahu ABŞ-ın mümkün zərbə planının effektivliyinə də şübhə ilə yanaşıb ki, bu da əlavə arqument kimi dəyərləndirilib. Hərbi eskalasiyaya qarşı çıxanlar arasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da olub. O, Tramp ilə telefon danışığında regional təhlükəsizliyə yaranan təhdidlərdən narahatlığını ifadə edib.
Axiosun yazdığına görə, İrana hücum etməmək qərarı bir neçə amilin məcmusu nəzərə alınaraq qəbul edilib: regionda hərbi resursların çatışmazlığı, əsas müttəfiqlərin xəbərdarlıqları, Trampın müşavirlərinin mümkün nəticələrlə bağlı narahatlıqları, eləcə də İran tərəfi ilə aparılan qeyri-rəsmi təmaslar.

