ABŞ Prezidenti Donald Tramp 13 yanvar tarixində Pentaqona İrana hücuma hazırlıq görülməsi barədə göstəriş verib, lakin sonradan əməliyyatın vaxtının uyğun olmadığına dair çoxsaylı etirazları nəzərə alıb. Bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən yazır.
WSJ bildirir ki, “hərbi dairələr Trampın çərşənbə günü hücumla bağlı yekun əmr verəcəyini gözləyərək istirahətə yollanırdılar”.
Lakin nəşrin qeyd etdiyi kimi, Tramp alternativ mövqeləri də dinləyib. ABŞ rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar yalnız qısa müddətli intensiv hava zərbələri ilə İran rejimini devirməyin mümkün olacağına əmin deyil; həmçinin İranda hərbi və mülki obyektlərin bombardmanının üsyana kömək edib-etməyəcəyi və hökuməti zəiflədib-zəiflətməyəcəyi aydın deyil.
Bundan əlavə, məsləhətçilər Trampa izah ediblər ki, hazırda ABŞ-ın Yaxın Şərq regionunda İrana qarşı genişmiqyaslı, planlı hücumu həyata keçirmək və eyni zamanda bölgədəki Amerika qoşunlarını və müttəfiqlərini qorumaq üçün kifayət qədər hərbi resursları yoxdur.
Qəzetin mənbələri bildiriblər ki, çərşənbə günü, 14 yanvarda Tramp İsrailin baş naziri Beniyamin Netanyahu ilə telefon danışığı aparıb. Netanyahu bildirib ki, hazırda İrana hücum üçün uyğun vaxt deyil, çünki zərbələr gecikmiş ola bilər və etirazçılara kömək edəcəyi ehtimalı azdır; əlavə olaraq, İsrail mümkün İran cavab zərbələrindən müdafiə üçün ABŞ-ın daha geniş dəstəyinə ehtiyac duyur.
Ərəb ölkələrinin rəsmiləri Vaşinqtona izah ediblər ki, İrana hücum üçün vaxt münasib deyil. Onlar ABŞ-ı xəbərdar ediblər ki, İranda etirazlar böyük ölçüdə yatırılıb və ABŞ-ın hava zərbələri uğurlu olacağı təqdirdə ölkədə müxalifətə kimin rəhbərlik edəcəyi aydın deyil.
Ərəb ölkələrinin hökumət nümayəndələri nəşrə bildiriblər ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və digər iranlı rəsmilər Körfəz ölkələrini, Türkiyəni və İraqı Trampa təzyiq göstərməyə çağırıblar ki, o, çərşənbə günü qərarından geri çəkilsin. Bununla yanaşı, Tehranda vurğulanıb ki, İrana hücum olacağı təqdirdə ABŞ-ın Qətər, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına cavab zərbələri endiriləcək.
Nəticədə 14 yanvar günü Trampın davranışında dəyişikliklər müşahidə olunmağa başlayıb. O, jurnalistlərə bildirib ki, “İranda qətllər dayandırılıb və edamların həyata keçirilməsi ilə bağlı planlar artıq yoxdur”. Cümə axşamı günü prezident İran hakimiyyətinin ölkədə etiraz aksiyalarında iştirak edən şəxslərə qarşı ölüm hökmünü tətbiq etməmək qərarından məmnun olduğunu bəyan edib.
Lakin daha sonra ABC News telekanalı məlumatlı mənbələrə istinadən bildirib ki, Pentaqon yaxın günlərdə İrana yaxın bazalara qırıcı eskadrilyaları və raketdən müdafiə sistemlərini köçürməyə başlayacaq. Bundan əlavə, bir həftə ərzində regiona çata biləcək aviadaşıyıcı qrupun da göndərilməsi planlaşdırılır.
Telekanalın qeyd edir ki, hərbi aktivlərin köçürülməsi Trampa gələcəkdə müvafiq qərar qəbul edəcəyi təqdirdə İrana zərbə endirmək üçün əlavə imkanlar yaradacaq.

