İranda kütləvi etirazlar zamanı onlarla yaxın tələbə və müəllim həyatını itirib. Bu barədə ölkənin dövlət teleradio şirkəti məlumat yayıb. Ölənlərin sayını Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Hüseyn Sadeqi təsdiqləyib.
Onun sözlərinə görə, son etirazlar nəticəsində 5 alim və 22 tələbə həlak olub.
2025-ci ilin dekabrında milli valyutanın kəskin ucuzlaşması ilə başlayan etirazlar qısa müddətdə siyasi xarakter alıb və çoxsaylı itkilərlə nəticələnib. İranın xarici işlər naziri Abbas Araqçi silahlı iğtişaşlar zamanı ümumilikdə 3 117 nəfərin öldüyünü açıqlayıb.
Rəsmi Tehran hadisələrin arxasında ABŞ və İsrailin dayandığını iddia edərək xarici müdaxilə barədə bəyanat verib. Yanvarın ortalarında hakimiyyət vəziyyətin tam nəzarətə götürüldüyünü bildirsə də, ölənlərlə bağlı rəqəmlər hələ də dəqiqləşdirilir.
Bu həftə ölkədə yenidən hökumət əleyhinə aksiyalar başlayıb. Tehran və digər şəhərlərin aparıcı universitetlərində tələbələr yeni semestrin ilk günündə etirazlara çıxıblar. Aksiyalar zamanı hökumətyönlü qruplarla toqquşmalar baş verib, ali dini lider Ayətullah Əli Xamenei əleyhinə şüarlar səsləndirilib.

