İranda hökumətə qarşı etirazlar yenidən alovlanıb. Financial Times-ın məlumatına görə, yeni tədris semestrinin ilk günündə Tehran və digər şəhərlərin aparıcı universitetlərində tələbələr aksiyalar keçiriblər. Nümayişlər zamanı hökumətyönlü qruplarla toqquşmalar yaşanıb və ali rəhbər Ayətullah Əli Xamenei əleyhinə şüarlar səsləndirilib.
Etirazlar xüsusilə Əmir Kəbir və Şərif texnologiya universitetlərində qeydə alınıb. Tələbələr kampus ərazilərində toplaşaraq hakimiyyətə tələblər irəli sürüblər. Aksiyalar İran–ABŞ münasibətlərində gərginliyin artdığı bir vaxta təsadüf edir. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə variantını nəzərdən keçirir.
Mövcud etirazlar 2025-ci ilin dekabrında milli valyutanın kəskin ucuzlaşmasından sonra başlayan kütləvi iğtişaşların davamı kimi qiymətləndirilir. Yanvarda, devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışlarından sonra aksiyalar pik həddə çatmışdı. İran hakimiyyəti həmin dövrdə interneti tam bloklamış və vəziyyətin nəzarətə götürüldüyünü bildirmişdi. Lakin yeni tələbə aksiyaları ölkədə etiraz əhval-ruhiyyəsinin davam etdiyini göstərir.

