Donald Tramp hesab edir ki, KİV-lər İranla mümkün müharibə barədə məlumatları qəsdən təhrif edərək təqdim edir. ABŞ prezidenti bildirib ki, o, hərbi qarşıdurmadan daha çox razılaşma əldə etməyə üstünlük verir.
“İranla potensial müharibə barədə yazılanların hamısı yanlışdır və bu, qəsdən edilir. Qərarı yalnız mən verirəm. Mən razılaşmaya üstünlük verərdim, lakin razılaşma əldə olunmasa, bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis gün olacaq”, – deyə Tramp özünün Truth Social hesabında yazıb.
Prezident həmçinin mediada yayılan, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Cainenin İrana qarşı kampaniyanın başlanmasını dəstəkləmədiyi barədə iddiaları da təkzib edib.
Trampın sözlərinə görə, general Keyn müharibə istəməsə də, əgər hərbi qərar qəbul edilərsə, ABŞ-ın qalib gələcəyini düşünür. Prezident əlavə edib ki, Keyn nə hərbi əməliyyatlara qarşı çıxıb, nə də məhdud zərbələr barədə danışıb və əmr veriləcəyi təqdirdə əməliyyata rəhbərlik edəcək.
Eyni zamanda, Axios portalı mənbələrə istinadən yazıb ki, general Keyn Trampı və yüksək vəzifəli rəsmiləri İrana qarşı hərbi kampaniyanın ciddi risklər daşıya biləcəyi, o cümlədən uzunmüddətli münaqişəyə sürüklənmə ehtimalı barədə xəbərdar edib.
Portalın məlumatına görə, ABŞ administrasiyasında İranla bağlı müxtəlif ssenarilər və onların mümkün nəticələri müzakirə olunur.

