İsrailin 12-ci kanalının məlumatına görə, rəsmi Tel-Əviv ilkin mərhələdə İrana qarşı dörd günlük zərbələrə hazırlaşır. The New York Times yazır ki, ABŞ və İsrail nüvə proqramı üzrə danışıqlarda yaranan gərginlikdən sonra İrana qarşı onlarla aviazərbə endirib. Bildirilir ki, hücumlar Yaxın Şərqdə yerləşən hərbi bazalardan və aviadaşıyıcılardan həyata keçirilir.
Al Jazeera-nın istinad etdiyi amerikalı rəsmi şəxs zərbələrin İranın təhlükəsizlik sistemini sarsıtmağa yönəldiyini bildirib. İsrail tərəfi əməliyyatın “Yehudanın Qalxanı” adlandırıldığını və məqsədin “rejimin devrilməsi və hakimiyyət dəyişikliyi” olduğunu açıqlayıb.
İran mediası ölkənin müxtəlif bölgələrində, o cümlədən Luristan əyalətində, Təbriz, Qum və İsfahan şəhərlərində partlayışların baş verdiyini xəbər verir. İsfahanda İranın əsas nüvə mərkəzlərindən biri yerləşir. Fars və Tasnim agentlikləri Tehranın müxtəlif rayonlarında, o cümlədən Universitet küçəsi və Cümhuri bölgəsində raket zərbələri barədə məlumat yayıb. Şəhərin mərkəzində, Paster küçəsi yaxınlığında qalın tüstünün qalxdığı bildirilir.
İranın Mehr agentliyi prezident Məsud Pezeşkianın zərbələr nəticəsində xəsarət almadığını açıqlayıb. Eyni zamanda bəzi İsrail KİV-ləri İran ordusunun baş komandanı Amir Hatəminin həlak olduğunu iddia edir, lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. ISNA ilə danışan mənbə zərbələrin genişmiqyaslı olduğunu və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli əməkdaşları arasında ciddi itkilərin olduğunu bildirib.
İsrail ordusunun nümayəndəsi ölkənin şənbə günü saat 08:00-dan etibarən yalnız həyati əhəmiyyətli sahələr üzrə fəaliyyət rejiminə keçdiyini açıqlayıb. Məktəblər, kütləvi tədbirlər və əksər iş yerləri bağlanır. İsrail hava məkanını da bağlayıb. Ölkə ərazisində hava hücumu siqnalları səslənir.
İran da öz növbəsində hava məkanını tamamilə bağlayıb. ABŞ-ın Qətərdəki səfirliyi əməkdaşlarına sığınacaqlarda qalmağı tövsiyə edib. İsrailin müdafiə naziri İsrael Kats zərbələrin “preventiv xarakter” daşıdığını bildirib və yaxın vaxtlarda İran tərəfindən raket və pilotsuz aparat hücumlarının gözlənildiyini vurğulayıb.
Hazırda tərəflər arasında gərginlik sürətlə artır və bölgədə vəziyyət son dərəcə kritik olaraq qalır.

