İran ABŞ və İsrailin raket və dron hücumlarından öz hərbi texnikasını qorumaq üçün fərqli hərbi taktikadan, maketlərdən istifadə edir.
Ekspertlər deyir ki, Tehran bu üsulla həm düşməni çaşdırır, həm də öz hərbi qruplarını sınaqdan keçirir. Məlumata görə, maketlər əsasən Hərbi Hava Qüvvələri və digər hərbi təyinatlı qrupların yerləşdiyi ərazilərdə qurulur və real hərbi obyektləri əvəz edir.
Maraqlıdır ki, yüksək texnologiya və peyk müşahidəsi imkanlarına malik ABŞ və İsrail hələ də bu maketləri dəqiq aşkarlaya bilmir. Hər iki tərəf üçün bu, planlaşdırılan hücumların effektivliyini və real hədəflərə təsirini ciddi şəkildə məhdudlaşdırır.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, İran ABŞ və İsrailin hücumlarının olacağını əvvəlcədən proqnozlaşdırmışdı:
“Hər nə qədər tərəflər arasında vaxtı ilə gedən danışıqlardan və ehtimal razılıqlardan danışılsa da, İsrail və ABŞ-ın İrana uranı zənginləşdirmə imkanını tanımayacağı məlum idi.
İran 2025-ci ildə baş tutan 12 günlük müharibədən dərs çıxarmışdı. Düzdür, itkiləri tam aradan qaldıra bilməmişdilər, lakin hücum edəcək qüvvələri aldatmaq üçün variantlar hazırladılar. Bu variantlardan biri də yalançı texnika – maket taktikasıdır.
Üzeyir Cəfərov
Bunları aşkarlamaq olduqca çətindir. Məsələn, kosmosdan peyk vasitəsilə müşahidə ediləndə fərqli görüntü yaranır. Yaxın məsafədən artileriya qurğusu, HHM sistemi maket olduğunu bilinsə də kosmosdan əldə edilən görüntü də heç nə aydın olmur. Ona görə ABŞ və İsrail həmin maketləri gerçək zənn edib vurur.
Bu bahalı bir əməliyyatdır. Təsəvvür edin ki, dəyəri milyonlarla dollar olan dronlar və artilleriya mərmiləri, çox ucuz olan maketləri vurur. Bu, ucuz və effektiv taktika hesab olunur və İran bunu bilərəkdən tətbiq edir.
ABŞ və İsrailin nə qədər yüksək texnologiyası olsa da yalançı hərbi texnikaları aşkarlamaq çətin olur. İndiyə qədər ABŞ və İsrail 100 HHM sistemi sıradan çıxardığını açıqlasa da bunun xeyli hissəsi maket olub.
Müharibə davam etdikcə müxtəlif texnologiya və taktikalardan istifadə ediləcək. Real nəticə və hesabat müharibədən sonra daha aydın şəkildə bilinəcək”.


