Yəmənin beynəlxalq səviyyədə tanınan Prezident Rəhbərlik Şurası İranı ölkənin suverenliyini pozmaqda və regionun təhlükəsizliyini təhdid etməkdə ittiham edib.
Yəmənin rəsmi SABA agentliyinin məlumatına görə, buna səbəb İranın husilərin nəzarətində olan paytaxt Sənaya mülki təyyarə göndərməsi olub. Yəmən tərəfi bu addımı ölkəyə tətbiq edilən hava embarqosunun pozulması kimi qiymətləndirib.
Prezident Şurasının bəyanatında bildirilib ki, bu uçuş “Yəmən Respublikasının suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”. Şura həmçinin bunun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olduğunu qeyd edib.
Məlumata görə, həmin təyyarə ilə husi nümayəndə heyəti Tehrana gedərək ayətullah Əli Xameneinin xatirəsinə keçirilən matəm tədbirlərində iştirak edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya husilərə xəbərdarlıq edib ki, hava embarqosunun pozulması davam edərsə və ya krallıq ərazisinə hücum təhdidləri reallaşarsa, buna sərt cavab veriləcək.
Husilərin hərbi sözçüsü Yəhya Səri isə daha əvvəl bildirib ki, husi qüvvələri İran təyyarəsini Səna hava limanına qədər müşayiət edib və onun Yəmən hava məkanına daxil olmasına mane olmağa çalışan Səudiyyə qırıcılarına qarşı raketlər buraxıb. Reuters-in məlumatına görə, husilər oxşar cəhdlərin davam edəcəyi halda Səudiyyə Ərəbistanının hava limanlarını və həyati maraqlarını hədəfə almaqla hədələyiblər.

