İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkə ərazisinə endirdiyi zərbələr fonunda Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib və ABŞ-a yardım göstərilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq edib.
İran XİN-in bəyanatında bildirilib ki, müharibəni dayandıran sazişin imzalanmasından cəmi 25 gün sonra ABŞ həmin razılaşmanın demək olar ki, bütün müddəalarını açıq şəkildə pozub.
“İranın nəqliyyat infrastrukturuna, balıqçı gəmilərinə, yük barjalarına, meteoroloji obyektlərə və tikililərə hücum etməklə ABŞ ən ağır hərbi cinayət aktlarından bəzilərini törədib”, - deyə bəyanatda qeyd olunub.
İran Xarici İşlər Nazirliyi iddia edir ki, ABŞ İrana zərbələr endirmək üçün Fars körfəzinin cənub sahilində yerləşən ölkələrin ərazilərindən və obyektlərindən istifadə edib.
Tehran xəbərdarlıq edib ki, İrana qarşı hücumların həyata keçirildiyi “istənilən mənbə” İran tərəfindən müdafiə xarakterli zərbələr üçün qanuni hədəf kimi qiymətləndiriləcək.
Bununla yanaşı, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi parlamenti və ya Məsləhət Şurasını ölkənin ali rəhbərinə, yüksək rütbəli hərbi və dövlət rəsmilərinə qarşı hər hansı sui-qəsd cəhdinə “qəti cavab” verilməsini təmin edən qanun qəbul etməyə çağırıb.
“İrana qarşı heç bir addım cavabsız qalmamalıdır”, - Qəribabadi X sosial şəbəkəsində yazıb.

