Rusiya son dörd gündə Ukraynaya təxminən 1,5 min dron buraxıb, onların təxminən 800-ü reaktiv olub.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Hava hücumundan müdafiə məsələləri ilə bağlı məruzələri dinləyən Zelenski deyib ki, payızda Ukrayna Rusiya pilotsuz uçuş aparatlarının vurulmasının effektivliyini artırmalıdır.
Onun sözlərinə görə, Rusiya tərəfi fasiləsiz dron hücumları vasitəsilə Ukraynanı və onun əhalisini tükəndirmək taktikasından istifadə edir.
Son dörd gündə müxtəlif növ təxminən 1,5 min pilotsuz uçuş aparatından istifadə edilib, onların 800-ə yaxını reaktiv olub. Zelenski bildirib ki, Ukrayna hərbçiləri bu aparatların əhəmiyyətli hissəsini vurmağa müvəffəq olur.
Ukrayna Prezidentinin sözlərinə görə, ölkənin hava hücumundan müdafiəsi üçün ən böyük çətinliyi reaktiv dronlar yaradır. Hazırda onların qarşısının alınmasında əsas işi döyüş aviasiyası görür.
Eyni zamanda, Ukraynada xüsusi dron-tutucular hazırlanır. Zelenski bildirib ki, belə aparatlar dörd şirkət tərəfindən yaradılıb və onlardan birinin hazırladığı variant daha uğurludur.
“İndi həm Müdafiə Nazirliyi, həm də hərbçilər maksimum səy göstərməlidirlər ki, Rusiyanın hər növ dronunu vurmaq üçün imkanlarımız mümkün qədər çox olsun”, – Zelenski deyib.

