Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında Rusiyadakı hədəflərə zərbələrin davam etdirildiyini açıqlayıb.
Zelenski bildirib ki, ötən gün Rusiyanın Stavropol və Tver vilayətlərində yerləşən iki neft anbarı hədəfə alınıb. Onun sözlərinə görə, hər iki obyekt cəbhə xəttindən təxminən 500 kilometr uzaqlıqda yerləşir.
Ukrayna Prezidenti həmçinin Rusiyaya bağlı Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində, Ukraynadan təxminən 1500 kilometr məsafədə yerləşən neft nasos stansiyasına da zərbə endirildiyini bildirib.
Zelenski Rostov vilayətindəki neft terminalına da hücum edildiyini qeyd edib.
“Biz Rusiyaya bu müharibəni çoxdan bitirməyi təklif etmişik. Prosesin uzadıldığı hər gün müharibə hissini bu işin başladığı yerə — Rusiyaya qaytarmalıdır”, - deyə Zelenski bildirib.
O, həmçinin hücumlara aid olduğu bildirilən görüntü də paylaşıb.
Digər tərəfdən, Ukrayna Ordusunun Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Rusiya bu gecə Ukraynaya 2 raket və 94 silahlı pilotsuz uçuş aparatı ilə hücum edib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 72 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiyanın Xersonda bir avtomobilə pilotsuz uçuş aparatı ilə zərbə endirməsi nəticəsində 2 nəfər həlak olub.

