Qəzza şəhərində yeni dərs ilinin ilk gününə hazırlaşan 9 yaşlı fələstinli Vəfa Akilə İsrailin hava zərbəsi nəticəsində atası ilə birlikdə həlak olub.
“Anadolu” Agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinin qərbində, Şifa küçəsində mülki avtomobili hədəfə alıb. Hücum nəticəsində Vəfa Akilə və onun 36 yaşlı atası Yusif Akilə həyatını itirib. Onların cəsədləri Şifa xəstəxanasına aparılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Vəfanın cansız bədəninin ətrafında məktəb kitabları, dəftərləri və digər ləvazimatlarının səpələndiyi görünür. Məktəbə qayıtmağa hazırlaşan qızdan geriyə isə məktəb formasında çəkilmiş gülümsəyən fotosu qalıb.
Qəzzada məktəblərin böyük hissəsinin yararsız vəziyyətə düşməsi səbəbindən uşaqların bir qismi dərslərini çadırlarda və müvəqqəti təhsil mərkəzlərində davam etdirir. Mənbədə bildirilir ki, bölgədə davam edən hücumlarda ölənlərin əhəmiyyətli hissəsini uşaqlar təşkil edir.
Denmedia.az

