Qətərin Al Jazeera Mubasher telekanalının operatoru Əhməd Vaşah Qəzza sektorunun mərkəzi hissəsində İsrail pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olub. Bu barədə Al Jazeera Mubasher məlumat yayıb.
Telekanalın məlumatına görə, pilotsuz uçuş aparatı Əl-Bureyc qaçqın düşərgəsində yaşayış evini hədəfə alıb.
Hücum nəticəsində üç fələstinli həlak olub. Onların arasında operator Əhməd Vaşah da olub. Hadisə zamanı digər şəxslərin də yaralandığı bildirilir.
Qeyd olunur ki, Vaşah anklavda davam edən münaqişə zamanı İsrail hərbçilərinin fəaliyyəti nəticəsində həlak olan Al Jazeera-nın 13-cü əməkdaşı olub.
Daha əvvəl, aprel ayında Əhməd Vaşahın qardaşı Məhəmməd Vaşah da həlak olmuşdu. O, Al Jazeera Mubasher telekanalında müxbir kimi çalışırdı. Məlumata görə, Məhəmməd Vaşah Qəzza şəhərinin qərbində, Ər-Rəşid küçəsində avtomobilə endirilən zərbə nəticəsində həyatını itirmişdi.

