Çində süni intellekt sahəsində “dünyanın sonu” ilə bağlı xəbərdarlıqlar ya “tipik Qərb bəyanatları”, ya da Çin şirkətlərinə qarşı istifadə olunan bir vasitə kimi qəbul edilir. Bu barədə The New York Times yazır.
Silikon vadisində isə süni intellektlə bağlı “ekzistensial risk” ssenariləri ciddi şəkildə müzakirə olunur. Söhbət nəzarətdən çıxmış nüvə təhlükələrindən tutmuş süni intellekt tərəfindən idarə olunan pilotsuz uçuş aparatlarının iştirak etdiyi müharibələrədək müxtəlif böhran ssenarilərindən gedir.
Qeyd olunur ki, Qərb texnologiya mütəxəssisləri üçün süni intellekt üzərində nəzarətin itirilməsi bəşəriyyət üçün hipotetik təhlükədir. Çin hakimiyyəti və ekspertləri üçün isə texnologiyanın dövlətdən daha güclü ola biləcəyi ehtimalı inandırıcı görünmür.
Çinin təcrübəsi sistemin istənilən sabitliyi pozan amili nəzarət altına ala biləcəyinə dair əminlik formalaşdırıb. Məqalə müəlliflərinin fikrincə, “cavab sadə ola bilər”: interneti söndürmək, tam kəsinti tətbiq etmək və “qaçmış” süni intellekt agentinə görə məsuliyyət daşıyan şəxsləri cəzalandırmaq kifayətdir.
Çində “apokaliptik proqnozların” başqa bir izahı isə daha skeptik xarakter daşıyır. Ölkənin texnologiya dairələrində və mediasında geniş yayılan fikrə görə, “bəşəriyyət üçün təhlükə” barədə xəbərdarlıqlar Amerika şirkətlərinin istifadə etdiyi vasitədir.
Bu yanaşmaya əsasən, məqsəd Asiyadakı rəqiblərin inkişafını ləngitməkdir. Belə yanaşma Çində “qorxu marketinqi” adlandırılır.

