Azərbaycan Media və Yayım Şurası Türkiyə və İrandan, əsasən “Telegram” və “TikTok” platformaları vasitəsilə Azərbaycana qarşı məqsədyönlü informasiya hücumlarının intensivləşdiyini bildirib.
Şuranın açıqlamasına görə, son günlər xaricdə fəaliyyət göstərən bəzi ictimai fəallar, siyasətçilər və hətta rəsmi şəxslər Azərbaycan əleyhinə informasiya kampaniyalarında fəal iştirak edirlər.
Qurum bildirir ki, eyni orfoqrafik səhvlərlə və eyni üslubda kütləvi paylaşımların edilməsi, oxşar şərhlərin ardıcıl şəkildə yayılması, həmçinin Azərbaycana aid olmayan foto və videoların montaj edilərək təqdim olunması kampaniyanın koordinasiyalı xarakter daşıdığını göstərir.
Açıqlamada qeyd olunur ki, Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa müddətdə 400-dən çox paylaşım edilib. Paylaşımları edən şəxslərin böyük hissəsinin xaricidilli istifadəçilər olduğu, eyni materialların isə eyni hesablardan dəfələrlə yayıldığı bildirilib.
Media və Yayım Şurası Türkiyə və İranın informasiya məkanında Azərbaycan haqqında qərəzli materialların, hədə və təhqirlərin yayılmasından narahatlığını ifadə edib.
Qurum anonim hesablar vasitəsilə insanları ictimai qaydanı pozmağa təşviq edən çağırışların qanunvericiliyə zidd olduğunu və hüquqi məsuliyyət yaratdığını xatırladıb.
Şura vətəndaşları, media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini yalan məlumatları yaymamağa, manipulyativ kampaniyalara qarşı diqqətli olmağa və məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb.

