Azərbaycan Mətbuat Şurası bəzi Rusiya KİV-lərində Azərbaycan, Azərbaycan xalqı, ölkə rəhbərliyi və tanınmış ictimai xadimlərə qarşı təhqiramiz və təhdid xarakterli materialların yayılmasını pisləyib.
Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilib.
Təşkilatın məlumatına görə, bu cür materiallar sivil jurnalistikanın prinsiplərinə, peşə etikası normalarına və ümumbəşəri dəyərlərə tamamilə ziddir. Mətbuat Şurası qeyd edib ki, analoji hallara Rusiyanın informasiya məkanında sistemli şəkildə rast gəlinir.
Bəyanatda vurğulanıb ki, bu cür yanaşma Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, eləcə də iki ölkənin media qurumları arasındakı əlaqələrə uyğun deyil.
Mətbuat Şurası bildirib ki, Azərbaycan mediası ənənəvi olaraq peşəkar prinsiplərə riayət edir və qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə bağlı məsələlərin işıqlandırılmasına xüsusi həssaslıqla yanaşır.
Təşkilat Rusiya media ictimaiyyətini və cəmiyyətini iki ölkə arasındakı media əlaqələrini və xalqlar arasında dostluq münasibətlərini pozmağa yönələn hallara qarşı tədbir görməyə çağırıb.
Mətbuat Şurası Azərbaycan və xalqına, eləcə də tanınmış nümayəndələrə qarşı təhqir və təhdidlərin qəbuledilməz olduğunu xüsusi vurğulayıb.
Bəyanatda həmçinin qeyd olunub ki, Rusiyanın informasiya məkanında qanunvericiliklə ciddi tənzimləmə şəraitində bu cür materialların sistemli şəkildə yayılması onların Rusiya dövlət siyasəti səviyyəsində dəstəklənməsi kimi qəbul edilə bilər.
Mətbuat Şurası bu cür materialların müəlliflərini isə mümkün hüquqi məsuliyyət barədə xəbərdar edib.

