ABŞ Prezidenti Donald Tramp ölkəsinin öz silah-sursat ehtiyatlarını bərpa edənədək müttəfiqlərinə silah satışını dayandırdığını açıqlayıb.
Bu barədə Tramp Newsmax telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton hazırda istehsal olunan sursatları öz ehtiyacları üçün saxlayır və ehtiyatlar bərpa edildikdən sonra müttəfiqlərə satış yenidən davam etdiriləcək.
“Son vaxtlar sursatları sadəcə özümüz üçün saxlayırıq, çünki onlara özümüzün ehtiyacımız var. Bizim bu sursatlara sahib olmağımız vacibdir. Ehtiyatlarımızı bərpa etdikdən, həqiqətən tam bərpa etdikdən sonra müttəfiqlərimizin bizdən yenidən silah-sursat almasına icazə verəcəyik”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti silah-sursat çatışmazlığına görə sələfi Co Baydeni günahlandırıb. O iddia edib ki, Bayden administrasiyası Ukraynaya böyük həcmdə silah-sursatı qarşılıqsız verib.
Tramp vurğulayıb ki, yaranmış vəziyyət onun İrana münasibətdə həyata keçirdiyi tədbirlərlə bağlı deyil.
ABŞ liderinin sözlərinə görə, müttəfiqlərə silah-sursat satışının bərpası ölkənin öz hərbi ehtiyatlarının tamamlanmasından asılı olacaq.

