Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasında maraqlı deyillər.
Bu barədə Rusiya hökumətinin mətbuat xidmətinin yaydığı birgə hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistanın qəbul etdiyi qərar və onun həyata keçirilməsi istiqamətində atılan addımlar Aİİ çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı üçün risklər yaradır. Bu isə ölkənin ittifaqda gələcək üzvlüyü məsələsini gündəmə gətirir.
“Ermənistan Respublikasının qəbul etdiyi qərar və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər Aİİ çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı, nəticə etibarilə isə üzv dövlətlərin iqtisadiyyatları üçün risklər yaradır. Bu vəziyyət Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirməsi məsələsini gündəmə gətirir”, – deyə hesabatda qeyd olunub.
Bununla belə, sənəddə vurğulanıb ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Ermənistanın ittifaqdan ayrılmasını istəmirlər.
“Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyası Ermənistan xalqının bu və ya digər ittifaqlarda və inteqrasiya birliklərində iştirak edib-etməmək məsələsini müstəqil həll etmək hüququna hörmətlə yanaşaraq, Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqından çıxmasında maraqlı deyillər”, – deyə birgə hesabatda bildirilib.

