Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ciddi rezonans doğurmayacaq.
Bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Şərq İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın ittifaq daxilindəki ticarət dövriyyəsinin payı təxminən 1 faiz təşkil edir.
Şevtsov qeyd edib ki, Ermənistan Aİİ-yə üzv olduğu 10 il ərzində nəzərəçarpacaq iqtisadi artım əldə edib. Onun sözlərinə görə, bu dövrdə ölkənin ÜDM-i 180 faizdən çox artıb, sənaye istehsalı isə 3,1 dəfə yüksəlib.
Rusiya rəsmisi hesab edir ki, məhz bu səbəbdən Ermənistan rəhbərliyi Aİİ-dən çıxmağa tələsmir.
O əlavə edib ki, ekspert qiymətləndirmələrinə əsasən, üzvlüyün dayandırılması inflyasiyanın artmasına, istehlakın azalmasına və ümumilikdə əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

