İspaniyanın Barselona şəhərində sosial şəbəkələr vasitəsilə təşkil olunan gənclərin etiraz aksiyası kütləvi iğtişaşlarla nəticələnib.
Fransada keçirilən tələbə etirazlarından ilhamlanan gənclər sosial şəbəkələrdə yayılan çağırışlardan sonra küçələrə çıxıblar.
Kataloniya meydanında başlayan etirazlar qısa müddətdə şəhərin ticarət küçələrinə yayılıb. Nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanıb, mağazaların vitrinləri sındırılıb, bəzi obyektlər talan edilib.
Etirazçılar zibil konteynerləri və motosikletlərdən barrikadalar quraraq onları yandırıb, polis əməkdaşlarına daş atıblar. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.
Şəhərin mərkəzində yerləşən bir çox mağaza mümkün hücumlardan qorunmaq üçün fəaliyyətini müvəqqəti dayandırıb.
Kataloniyanın daxili işlər naziri Nuria Parlon bildirib ki, iğtişaşlar zamanı 100 nəfər saxlanılıb. Onlardan təxminən 25-i yetkinlik yaşına çatmayıb.
Nazirin sözlərinə görə, şəhərin 30-dan çox nöqtəsində yanğın baş verib, 14 mağaza dağıdılaraq talan edilib.
Etirazçılar sosial şəbəkələrdə Fransadakı tələbə aksiyalarında istifadə edilən “Qəzəbli lisey şagirdləri” şüarı ilə küçələrə çağırılıblar.

