Kuba Respublikasının şərqində təxminən bir milyon insan artıq iki həftədir elektrik enerjisiz qalıb. Bu, adaya Saaffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya aid edilən “Melissa” qasırğasının vurduğu zərbədən sonra baş verib. Bu barədə EFE agentliyi məlumat yayıb.
Kuba Energetika Nazirliyinin məlumatına görə, problemlər ölkənin şərqində yerləşən beş əyalətdə qalmaqdadır. Ən ağır vəziyyət Santyaqo-de-Kuba bölgəsindədir — burada evlərin, ictimai müəssisələrin və şirkətlərin yalnız üçdə birinə elektrik enerjisi verilişi bərpa olunub. Nisbətən daha yaxşı vəziyyət Las-Tunas, Qranma, Olqin və Qvantanamo əyalətlərində müşahidə olunur.
EFE qeyd edir ki, qasırğadan sonra enerji şəbəkələrinin bərpası Kuba adasında enerji böhranını köklü şəkildə həll etməyəcək. Ölkə artıq uzun müddətdir dərin enerji böhranı yaşayır — avadanlıqların köhnəlməsi və yanacaq alınması üçün vəsait çatışmazlığı səbəbindən adada hər gün geniş ərazilərdə elektrik enerjisi növbə ilə kəsilir.

