Paris ətrafında baş verən faciəvi hadisə nəticəsində iki gənc həyatını itirib. Ailə cütlüyünün olduğu avtomobil Sena çayına düşüb, salonunda kilidli qalan gənclər təcili yardım xidmətinə zəng etməyə müvəffəq olsalar da, onları xilas etmək mümkün olmayıb.
Hadisə Parisin Püto şəhərində müşahidə kameraları tərəfindən qeydə alınıb. Bu barədə “20 Minutes” qəzeti məlumat yayıb.
Avtomobil sahil xəttinə yaxın dayanacaqda park edilmiş vəziyyətdə olarkən qəfil irəli hərəkət edib və suya düşüb. Avtomobildə olan 25 yaşlı qadın təcili xidmətlərə zəng edərək özü və 26 yaşlı həyat yoldaşının suya qərq olan nəqliyyat vasitəsinin içində kilidli qaldığını bildirib.
Hadisə yerinə dərhal dalğıclar cəlb olunub. Qaranlıq şəraitdə aparılan axtarışlar nəticəsində avtomobil tapılaraq içəridə olanlar sahilə çıxarılıb. Lakin reanimasiya tədbirlərinə baxmayaraq, həkimlər hər iki gəncin öldüyünü təsdiqləyiblər.
Faciə 21 dekabr gecəsi baş verib. Hazırda polis park edilmiş avtomobilin hansı səbəbdən qəfil hərəkətə gəldiyini araşdırır.

