Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Bu barədə Den.az-a mərhumun yaxınları məlumat veriblər.
Şahidlərin verdiyi məlumata görə, avtomobil yolu keçən 76 yaşlı Yunis İsayevi vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb və ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər və reanimasiya şöbəsinə yerləşdiriblər. Lakin həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır, sürücünün nəqliyyat vasitəsini hansı şəraitdə idarə etdiyi, sürət həddini aşmasının və ya digər ehtiyatsızlığın rolu olub-olmadığı dəqiqləşdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.