Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə ABŞ-ın Texas ştatında, Qalveston şəhəri yaxınlığında eniş zamanı qəzaya uğrayıb. Bu barədə Meksika Hərbi Dəniz Qüvvələrinin Nazirliyi məlumat yayıb.
Məlumata görə, insident tibbi evakuasiya məqsədli humanitar missiya zamanı baş verib. Uçuş “Michou y Mau” xeyriyyə fondu ilə koordinasiya şəraitində həyata keçirilirdi.
Nazirliyin X sosial şəbəkəsində yaydığı açıqlamada deyilir ki, tibbi dəstək missiyasını yerinə yetirən hava gəmisi Qalveston ətrafında enişə yaxınlaşarkən qəzaya uğrayıb. Qəzanın ardından ABŞ-ın fövqəladə xidmətləri ilə birgə axtarış-xilasetmə protokolları dərhal işə salınıb.
CNN telekanalının məlumatına görə, təyyarədə səkkiz nəfər olub — iki ekipaj üzvü və altı sərnişin. Sərnişinlər arasında yanıq xəsarətləri səbəbilə təcili tibbi yardıma ehtiyacı olan azyaşlı uşaq da var idi. Təyyarə sıx duman şəraitində hərbi-tibbi reys həyata keçirərək hava limanına yaxınlaşırdı.
ABŞ Sahil Mühafizəsinin bildirdiyinə görə, qəza nəticəsində beş nəfər həyatını itirib, ölənlər arasında iki yaşlı uşaq da var.

