Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi qeydə alınıb.
Mərhumun yaxını Tərlan Hüseynovanın Denmedia.az-a verdiyi məlumata görə, Kimyaçılar qəsəbəsində yaşayan 68 yaşlı Abbasəli Bağırov hamam otağında huşsuz vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib.
Bildirilir ki, yaxınları onu uzun müddət görmədiklərindən narahat olaraq hamam otağına baxış keçiriblər və bu zaman kişinin cansız bədənini aşkarlayıblar.
Mərhumun 4 övladı olduğu qeyd olunur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Sumqayıt Tibb Mərkəzindən isə bildirilib ki, 02.01.2026-ci il tarixində saat 20:30 radələrində 1958-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ailə üzvləri tərəfindən hospitalizasiya olunub. Xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub.
Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.
İlkin ehtimallara görə, ölümə səbəb hamamda quraşdırılmış qaz avadanlığının düzgün işləməməsi və ya havalandırma sistemində yaranmış nasazlıq ola bilər.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

