Almaniyanın Gelsenkirchen şəhərində naməlum şəxslər Sparkasse bankının saxlanclarına daxil olaraq iri məbləğdə oğurluq həyata keçirib. Bu barədə Bild qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, oğurlanan əmlakın dəyəri 100 milyon avrodan çoxdur. İlkin mərhələdə zərərin 30 milyon avro olduğu bildirilsə də, sonradan məbləğin xeyli böyük olduğu üzə çıxıb.
Əldə olunan ilkin məlumatlara əsasən, cinayətkarlar bank binasına yaxınlıqdakı avtodayanacaqdan daxil olub və divarda iri dəlik açaraq içəri keçiblər. Onlar bank daxilində təxminən 3 200 seyf hücrəsini sındıraraq içindəki əşyaları, o cümlədən qızıl və qiymətli əmanətləri götürüb qaçıblar.
Hadisə nəticəsində 2 500-dən çox müştəri zərər çəkib. Artıq bir neçə gündür ki, əmanətçilər bank binası qarşısına toplaşaraq öz vəsaitlərinin və qiymətli əşyalarının taleyi ilə bağlı məlumat almağa çalışırlar.
Bildirilir ki, 30 dekabr tarixində bank filialının qarşısına təxminən 200 nəfər toplaşıb, onların bir qismi binaya daxil olmağa cəhd göstərib. Nəticədə mühafizəçilər polisə müraciət etmək məcburiyyətində qalıb.

