Almaniyada quldurlar bankın anbarına keçid açmağa nail olaraq depozit hücrələrindən 90 milyon avroya qədər dəyərində qiymətli əşyalar aparıblar. Bu barədə Associated Press agentliyi çərşənbə axşamı məlumat yayıb.
Qeyd olunur ki, təxminən 2,7 min müştərinin zərər çəkdiyi oğurluq bazar ertəsi Gelsenkirxen şəhərində yerləşən Sparkasse bankında baş verib. Hadisənin detalları isə yalnız sonradan məlum olub.
Bazar ertəsi yerli vaxtla təxminən saat 16:00-da (Moskva vaxtı ilə 18:00) bankda yanğın siqnalı işə düşüb. Bundan sonra hadisə yerinə yanğınsöndürənlər və polis gəlib. Onlar bankın divarında quldurlar tərəfindən açılmış dəliyi və talan edilmiş anbarı aşkar ediblər.
Şahidlərin sözlərinə görə, həftəsonu bir neçə kişinin iri çantalarla yaxınlıqdakı qaraja getdiyi müşahidə olunub. AP bildirir ki, qarajdakı müşahidə kameralarının görüntülərində oğurlanmış avtomobildə maskalı bir neçə şəxs əks olunub.
Almaniyanın DPA agentliyi isə bu oğurluğun Almaniya Federativ Respublikasının tarixində ən iri bank qarətlərindən biri ola biləcəyini yazıb.

