Qəzzanın mərkəzi hissəsində İsrailin endirdiyi zərbə nəticəsində üç fələstinli jurnalist həlak olub. Bu barədə The Guardian bölgənin Səhiyyə Nazirliyinə istinadən yazıb.
Məlumata görə, jurnalistlər Misirə məxsus humanitar təşkilat üçün çalışıblar. Onlar Netzarim ərazisində yeni yaradılmış məcburi köçkünlər düşərgəsini lentə almaq üçün avtomobillə hərəkət edirmişlər.
Fələstin Jurnalistlər Birliyinin bəyanatında qeyd olunur ki, həlak olan reportyorlar
“mülki əhalinin əzablarını sənədləşdirən humanitar jurnalist missiyasını yerinə yetirirdilər”.
İsrail ordusu isə bildirib ki, zərbə Həmas ilə əlaqəli pilotsuz uçuş aparatını idarə edən “şübhəli şəxslərin” müəyyən edilməsindən sonra endirilib. Ordunun açıqlamasına görə, insidentin detalları hazırda araşdırılır.
Fələstin səhiyyə qurumlarının məlumatına əsasən, çərşənbə günü Qəzzada azı 11 fələstinli ölüb, onların arasında iki 13 yaşlı uşaq da var. Daha altı nəfər yaralanıb.

