Norveç vəliəhd şahzadəsi Mette-Maritin 29 yaşlı oğlu Marius Borg Høyby barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Osloda başlayıb. Bu barədə ölkə mediası məlumat yayıb.
Norveçin ictimai yayımçısı NRK-nın yazdığına görə, Høyby ümumilikdə 38 cinayətdə ittiham olunur. İttihamlar arasında dörd zorlama, ailədaxili zorakılıq, ağırlaşdırıcı hallarla narkotiklərlə bağlı cinayətlər, ölüm hədələri, məhkəmə qadağasının pozulması və digər hüquq pozuntuları var.
Eyni zamanda Verdens Gang qəzetinin məlumatına əsasən, dövlət ittihamçısı Sturla Henrikssbø bildirib ki, polis hazırda Høyby ilə bağlı yeni ittihamları da araşdırır. Onun sözlərinə görə, əlavə ittihamlar irəli sürülərsə, onların bu işə daxil edilib-edilməməsi ayrıca müzakirə olunacaq.
Henrikssbø vurğulayıb ki, təqsirləndirilən şəxsin kral ailəsinin üzvü olması işin gedişinə təsir göstərməyəcək və proses adi qaydada davam etdiriləcək.
İddiaçılar altı qadın və bir kişidir. Məhkəmə prosesinin bir hissəsi qapalı rejimdə keçiriləcək.

