Norveçdə vəliəhd şahzadə Mette-Maritin oğlu, 29 yaşlı Marius Borq Höybi saxlanılıb. Bu barədə Norveçin ictimai yayımçısı NRK məlumat yayıb.
Oslo polis dairəsinin prokuroru Andreas Kruşevskinin sözlərinə görə, Höybi hücum, bıçaqla hədələmə və məhkəmə qadağasının pozulması ittihamları ilə bazar günü axşamı həbs edilib. Oslo dairə məhkəməsi onun yenidən cinayət törətmə riski səbəbilə 4 həftə həbsdə saxlanılıb-saxlanılmamasına bu gün qərar verəcək.
Məlumata görə, Höybi 38 cinayət əməlində şübhəli bilinir. Ən ağır ittihamlar arasında dörd zorlamanın olduğu qeyd edilir. Məhkəmə prosesi çərşənbə axşamı başlayacaq və 7 həftə davam edəcək.

