Nigeriyanın Benue ştatında yerləşən bir bazara silahlı dəstələrin hücumu nəticəsində 13 nəfər həyatını itirib.
Məlumata görə, Kvande Yerli İdarəsinin sədr müavini İbi Endryu açıqlamasında silahlı qrup üzvlərinin Benue ştatının Kvande bölgəsində yerləşən Mbaikyor bazarında hücum təşkil etdiyini bildirib. Onun sözlərinə görə, yaralanan şəxslər xəstəxanaya çatdırılıb.
İbi Endryu qeyd edib ki, yerli hakimiyyət təhlükəsizlik qurumları ilə birlikdə bölgədə asayişi bərpa etmək və mülki əhaliyə qarşı yeni hücumların qarşısını almaq məqsədilə əraziyə cəlb olunub.
Qeyd olunur ki, Nigeriya son dövrlər ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də terror qruplaşmaları Boko Haram və İŞİD-in Qərbi Afrika qolu – ISWAP tərəfindən həyata keçirilən hücumlarla üzləşir.
Bundan əlavə, ölkədə qanunvericilikdə ölüm cəzası nəzərdə tutulmasına baxmayaraq, fidyə məqsədilə adam oğurluğu halları geniş yayılıb. Silahlı şəxslər və dəstə üzvləri əsasən ölkənin şimal bölgələrindəki kəndləri, məktəbləri və yolçuları hədəf alaraq pul tələb edirlər.

