Madaqaskarın şərqində Gezani tropik siklonunun yaratdığı dağıntıların miqyası ağırlaşır. Madaqaskar Milli Risk və Fəlakətlərin İdarəedilməsi Ofisinin açıqlamasına görə, ölənlərin sayı 59-a çatıb.
Məlumatda bildirilir ki, sel və güclü küləklər nəticəsində 804 nəfər ağır yaralanıb, 15 nəfər isə itkin düşüb. Təxminən 16 min 400 nəfər evsiz qalıb, ümumilikdə isə 423 min 986 nəfər təbii fəlakətdən zərər çəkib.
Ölkənin beş bölgəsində yerləşən 25 rayonda genişmiqyaslı dağıntılar qeydə alınıb. Minlərlə ev dağılıb və ya ciddi zərər görüb, infrastruktur və kənd təsərrüfatı sahələrində ciddi tahribat yaranıb. Bildirilir ki, noyabr-mart aylarında intensivləşən qasırğa mövsümündə ölkədə tez-tez insan və maddi itkilər baş verir.
Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini açıqlayıb. Zərərçəkmiş ərazilərə ərzaq, içməli su və tibbi ləvazimatların çatdırılması üçün milli və beynəlxalq yardım qurumlarının fəaliyyət göstərdiyi bildirilib.
Sürəti saatda 185 kilometrdən çox olan küləklərin sel və torpaq sürüşmələrinə səbəb olduğu qeyd olunub. Gezaninin iki həftədən az müddət əvvəl 14 nəfərin ölümünə səbəb olan Fytia tropik siklonundan sonra ölkəyə təsir edən ikinci böyük fırtına olduğu xatırladılıb.

