Böyük Britaniyada 52 yaşlı Mancit Sanqa ehtimal edilən qan zəhərlənməsi nəticəsində hər iki qolu və hər iki ayağını itirib. Bu barədə Telegraph qəzeti yazıb. Bildirilir ki, ağırlaşmaya səbəb kimi evdə saxlanılan itin kiçik bir yaraya toxunması göstərilir.
Hadisə 2025-ci ilin iyulunda baş verib. Qadının həyat yoldaşının sözlərinə görə, şənbə günü o, özünü yaxşı hiss edib və iti ilə vaxt keçirib. Bazar günü isə halı pisləşib, bazar ertəsinə keçən gecə isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlərin ehtimalına əsasən, qadında sepsis inkişaf edib. Sepsis – infeksiyanın qana yayılması nəticəsində orqanizmin öz toxumalarına hücum etməsi ilə xarakterizə olunan, həyati təhlükə yaradan vəziyyətdir. Məqalədə qeyd olunur ki, infeksiya itin kiçik bir yaranı yalaması nəticəsində baş vermiş ola bilər.
Pasiyentin vəziyyəti sürətlə ağırlaşıb. Reanimasiyada olduğu müddətdə onun ürəyi altı dəfə dayanıb. Həyatını xilas etmək üçün cərrahlar hər iki ayağını dizdən aşağı, hər iki qolunu amputasiya edib və həmçinin dalağını götürüblər.
Qadın xəstəxanada təxminən səkkiz ay müalicə alıb. Əzalarını itirməsinə baxmayaraq, o, mübarizə əzmini qoruyur. Mancit Sanqa protezlərlə yenidən yeriməyi öyrənməyi və peşə fəaliyyətinə qayıtmağı planlaşdırır.

