Taylandın Lampanq əyalətində 68 yaşlı kişi xırda həşərat dişləməsindən sonra həyatını itirib. Hadisə barədə yerli The Thaiger portalı məlumat yayıb.
Kişi əvvəlcə ayağında ağrı ilə həkimə müraciət edib. Müayinə zamanı cüzi iltihab aşkarlanıb, dərman yazılıb və evə buraxılıb. Lakin elə həmin axşam ağrılar gücləndiyi üçün yenidən klinikaya qayıdıb.
Həkimlər onun üz dərisinin bənövşəyi çalara çevrildiyini müşahidə ediblər ki, bu da orqanizmdə ciddi iltihabi prosesdən xəbər verirdi. Əlavə analizlər qan şəkərinin kəskin düşdüyünü və sepsis inkişaf etdiyini göstərib. Xəstə dərhal hospitalizasiya olunub. Həkimlər bir həftə onun həyatı uğrunda mübarizə aparsalar da, xilas etmək mümkün olmayıb.
Mütəxəssislər bildiriblər ki, ölüm səbəbi həşərat dişləməsinin zəhərliliyi deyil, yaralara düşən infeksiya olub. Həkimlər xırda zədələri belə laqeyd yanaşmamağı, dərhal yumağı və hərarət, dəri rəngində dəyişiklik kimi əlamətlər yaranarsa, gecikmədən tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.

