Avstriya dağlarında (Alp) 20–22 fevral tarixlərində baş verən qar uçqunları nəticəsində azı yeddi xizəkçi həlak olub.
Bu barədə The Scottish Sun məlumat yayıb.
Polisin bildirdiyinə görə, 21 yaşlı Slovakiya vətəndaşı hazırlanmamış eniş zolağında xizək sürərkən üzərinə qar kütləsi düşməsi nəticəsində həyatını itirib. Tirol bölgəsində isə 41 yaşlı avstriyalı tamamilə uçqunun altında qalıb. O, qar altından çıxarılaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Fəlakət güclü qar yağışı fonunda baş verib – cümə axşamından etibarən Avstriyada təxminən 50 santimetr qar yağıb. Pis hava şəraiti nəqliyyatda fasilələrə və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Ən ağır vəziyyət Sankt-Anton-am-Arlberq bölgəsində qeydə alınıb. Rendl dağı yaxınlığında, rəsmi xizək zolaqlarından kənarda böyük uçqun baş verib. İlkin məlumatlara görə, bir neçə nəfər qar altında qalıb. Əraziyə helikopterlər, xilasedicilər və dağ xidmətləri cəlb olunub. İki nəfər həlak olub, bir yaralı isə İnsbruk xəstəxanasına aparılıb.
Avstriya KİV-lərinin məlumatına əsasən, qış mövsümünün əvvəlindən indiyədək uçqunlar nəticəsində ümumilikdə təxminən 20 nəfər həyatını itirib.

