ABŞ-da baş verən güclü qış fırtınası nəticəsində azı 30 nəfər həlak olub. Bu barədə Associated Press məlumat yayıb. Bildirilir ki, bir çox amerikalı -31 dərəcəyədək şaxtada elektrik enerjisiz qalıb.
Qış fırtınası Arkanzas ştatından Yeni İngiltərəyədək təxminən 2 100 kilometr ərazini əhatə edib. Bəzi bölgələrdə 50 santimetrədək qar yağıb.
Nəşrin məlumatına görə, ABŞ sakinləri daha bir gecəni sıfırdan aşağı temperaturda və işıqsız keçiriblər. Şimal-şərqdə güclü qar yağışı davam edib, cənub ştatlarının bəzi əraziləri isə buzla örtülüb.
“Şiddətli şaxtaların təsirinə məruz qalan ştatlarda azı 30 ölüm faktı qeydə alınıb”, — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, həlak olanların bir qismi qar təmizləyən texnikanın altında qalıb. Ölənlər arasında xizək qəzasına düşən yeniyetmələr, eləcə də qar altında tapılan bir qadın da var.

